Şirkətlərdə ERP layihələr - sapport.az

Şirkətlərdə ERP layihələr

Şirkətlərdə ERP layihələrinin həyata keçirilməsi riskli bir prosesdir. Çünki bu layihələrin tətbiqi şirkətlərin ümumi IT strukturunun dəyişməsinə səbəb olur. Doğru dəyişiklik və iş proseslərinin ERP-də düzgün idarəedilməsi mənfəətin artırılmasına gətirib çıxarır. Şirkətlər yeni bir ERP tətbiq etmədən əvvəl iş proseslərini təkmilləşdirmək məcburiyyətindədirlər. Bunun üçün iş prosesləri uyğun bir metodla (BPR, 6 Siqma, Continous Improvement və s.) analiz edilərək yenidən dizayn edilir, iş axış xəritələri hazırlanır, proseslər optimallaşdırılır. Daha sonra optimallaşdırılmış iş proseslərini sistem üzərində idarə etmək üçün ERP layihəsinin tətbiqinə başlanılır.

ERP layihələrin uğurlu olması üçün aşağıdakılar xüsusilə diqqətə alınmalıdır:

  • Layihənin məqsədi və ehtiyaclar tam şəkildə aydındır?
  • İş Prosesləri analiz olunub?
  • Layihə üçün yetərli insan qaynağı ayrılıb?
  • Konsaltinq firmadan dəstək aldığınız konsultantlar təcrübəlidir?
  • İdarə Heyəti layihəni maliyyələşdirir?
  • Layihə meneceriniz təcrübəlidir?

İlk növbədə, ERP layihəsinin məqsədi layihədə iştirak edən hər kəs üçün aydın olmalıdır və ehtiyaclar tam şəkildə ortaya qoyulmalıdır. Məqsəd və ehtiyaclar müəyyən edildikdən sonra iş proseslərinin analizinə başlanılır. Şirkətin müxtəlif sahələrində (maliyyə, satış, istehsalat və s.) çalışan təcrübəli personallardan ibarət komanda qurulmalıdır. Bu komanda həmçinin ERP layihəsini həyata keçirəcək komanda, yəni “Core Team” ola bilər. Komandada şirkəti tanıyan, şirkətin iş prosesləri haqqında dərin biliyə malik olan, proseslərin təkmilləşdirilməsi üçün təkliflər irəli sürən personallar olmalıdır. Çünki layihədə yetərli insan qaynağının olmaması ERP layihələrinin uğursuz olmasına gətirib çıxaran səbəblərdən biridir.

ERP layihələrində konsaltinq firmanın seçilməsi, konsultantların səviyyəsi və müqavilə şərtləri çox önəmli mövzulardan biridir. Uğurlu son üçün maliyyələşmə önəmlidir. Adətən ERP layihələrinin sponsoru olur və çox zaman ERP layihələri İdarə Heyəti tərəfindən maliyyələşdirilir. Əlbəttə ki, “Core Team” və Konsaltinq firmanı idarə edəcək, layihə ərzində İdarə Heyətini məlumatlandıracaq layihə menecerinin təcrübəsi də çox önəmlidir. Fikrimcə, Layihə meneceri – İdarə Heyəti qarşısında ERP Layihəsinin “Güzgü”südür.